Varikoselenin dərəcələri

  • Home
  • -
  • Uncategorized
  • -
  • Varikoselenin dərəcələri

VARİKOSELE

Varikosele nədir?

Varikosele kişi sonsuzluğunun başlıca səbəblərindən biridir. Sonsuzluq şikayəti ilə müraciət edən kişilərin 40%-də, ümumi populyasiyada isə 15-20% kişilər arasında varikosele probleminə rast gəlinir. Hərbi xidmətə gedənlərin 20%-i varikoseledən əziyyət çəkir.

Varikosele xayalardan çirkli qanı geri daşıyan damarların həddindən artıq genişlənməsi səbəbi ilə qanın geri axmasına deyilir. Nəticə olaraq xayalardakı qan dövranının pozulması skrotal temperaturun artması və toksik maddələrin çoxalması ilə spermatogenezin, yəni spermanın sayının, hərəkətliliyinin və morfologiyasının pozulmasına və beləliklə də, sonsuzluğa səbəb olur. Bir çox hallarda varikosele olan xayada və xaya ətrafı nahiyədə ağrı müşahidə olunur.

Uşaqlarda və yeniyetmələrdə varikoselenin meydana gəlməsi xayaların inkişafını ləngitdiyi üçün spermatogenez prosesini dayandırır. Varikosele nə qədər çox davamlı olarsa, göstərdiyi mənfi təsirlər də bir o qədər böyük olur. Bütün bunları nəzərə alaraq, varikosele diaqnozu qoyulduğu təqdirdə mikroskopik əməliyyata göstəriş varsa, bunun qısa zaman ərzində icra edilməsi tövsiyə olunur.

Varikosele əsasən xayalarda ağrı, şişkinlik, sallanma, ağrı, cinsi fəaliyyətin azalması və sonsuzluq şikayəti ilə müraciət edən pasiyentlərdə müayinə zamanı aşkar edilir. Varikosele xayanın atrofiyasına (həcminin azalmasına), qasıqda, aralıqda və xayalarda ağrıya səbəb olur, uzun müddət ayaq üstə duranda, ağır işlər görəndə ağrılar arta bilir.

Varikosele fiziki müayinə zamanı gözlə görülə, əllə hiss edilə bilir və ehtiyac olan hallarda dopler ultrasəs müayinəsi ilə müəyyən olunur. Əsasən sol tərəfli, bəzən sağ tərəfli, az hallarda isə iki tərəfli varikoseleyə rast gəlinir.

Varikoselenin dərəcələri

Varikoselenin 3 dərəcəsi olur ki, bunlar venaların vəziyyəti, həmçinin reflüksün, yəni qanın geri axınının davamlı olub-olmamasına görə müəyyənləşir:

1-ci dərəcə – Xaya venaları palpasiya olunmur (əllənmir), onların genişlənməsini yalnız instrumental müayinə üsulları (USM, dopleroqrafiya) ilə müəyyənləşdirmək olur. Bu dərəcədə reflüks müşahidə edilmir.

2-ci dərəcə – Xaya venaları ayaq üstə dayanarkən palpasiya olunur, uzanmış vəziyyətdə palpasiya olunmur. Bu dərəcədə reflüksün davametmə müddəti 3 saniyədən artıq olur.

3-cü dərəcə – Genişlənmiş xaya venaları ayaq üstə də, uzanmış vəziyyətdə də palpasiya olunur. Xaya və toxum ciyəsi venaları vizual olaraq bəlli olur. Bu dərəcədə reflüks daha da uzunmüddətli olur.

Qeyd edək ki, bəzən uzunmüddətli reflüksə baxmayaraq pasiyentdə gücənmə və ağrı hissi olmaya da bilər, bu cür reflüksə passiv reflüks deyilir və birmənalı olaraq 3-cü dərəcəli varikosele sayılır.

Varikosele diaqnozunun qoyulmasında ultrasəs müayinəsinin də əhəmiyyətli rolu var. Ultrasəs müayinəsi zamanı xayanın vəziyyəti və ölçüsü təyin edilə bilər. Əsasən dopler vasitəsilə Valsava sınağı etməklə xaya və toxum ciyəsi venalarında axın və axın sürəti, eləcə də venalarda reflüksün (geriyə axının) olub-olmaması daha dəqiq müəyyənləşir.

Diaqnostik tədbirlərdən biri də skrotal (xayalıq) hərarətin ölçülməsidir. Varikosele zamanı xayalıq üzərində hərarət yüksəlmiş olur.

Varikoselenin mikroskopik əməliyyat üsulu ilə müalicəsi

1-ci dərəcəli varikoselenin müalicəsi konservativ və profilaktik üsulla həyata keçirilir. 2-ci və 3-cü dərəcənin isə bu cür müalicəsi yoxdur, yeganə həll yolu cərrahiyyə üsuludur. Bu günə qədər bir neçə cərrahi üsullardan istifadə edilmişdir. Lakin son illərdə bütün dünyanın qəbul etdiyi yalnız mikroskopik cərrahiyyədir. Mikroskopik əməliyyat 99%-ə qədər effektlidir. Varikosele mikrocərrahiyyə təcrübəsi olan uroloq-androloq tərəfindən aparılmalıdır.

Qasıq nahiyəsində kiçik bir kəsiklə əməliyyata başlanılır, 8 dəfə böyütmə qabiliyyətinə malik mikroskop altında genişlənmiş damarlar bağlanılır. Əməliyyatdan sonra iki günlük istirahət və bir müddət cinsi əlaqədən qorunma kifayət edir. Əməliyyatdan 3 ay sonra ilk spermaqrammanın, 6 ay sonra 2-ci analizin verilməsi tövsiyə olunur. Hamiləliklərin böyük əksəriyyəti əməliyyatdan 5-6 ay sonra baş tutur.

Mikrocərrahiyyə üsulu varikoselenin ən səmərəli, təhlükəsiz və maksimal ağrısız müalicə metodu olaraq dünyanın inkişaf etmiş ölkələrində qızıl standart olaraq tətbiq edilməkdədir. Əməliyyatın üstün cəhətləri əməliyyat müddətinin qısa olması, əməliyyat sahəsinin çox kiçik olması (2 sm), residiv (yenidən yaranma) riskinin 1%-ədək olması (digər üsullarla müalicə zamanı residiv 17-20%-dir), hospitalizasiyaya ehtiyac olmaması və xəstələrin çox qısa vaxt ərzində öz işlərinə dönmələridir. Pasiyent əməliyyatdan sonra klinikanı elə həmin gün tərk edə bilir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir